MÜƏLLİMLƏR YAZIR
08 Oktyabr 2023 / 23:12

Elnur Nəsibov İsrail - Fələstin müharibəsindən yazdı

Elnur Nəsibov,

Təhsilin İnkişafı Fondunun sədri


Son günlər Yaxın Şərqdə baş verən hadisələr hər birimizi narahat edir. Müttəfiqimiz və tərəfdaşımız olan İsrail dövlətinə və onun xalqına qarşı həyata keçirilən terror hücumları və nəticədə günahsız insanların qətli böyük təəsüf hissi doğurur. Vətəndaşlar, ictimai və siyasi şəxslər Vətən müharibəsində və anti-terror əməliyyatlarında yanımızda olan İsrail dövləti və xalqı ilə həmrəyliyini ifadə edirlər. 


İnanıram ki, tezliklə hər iki xalqın maraqlarını və birgə mövcudluğunu təmin edəcək uyğun həll yolu tapılacaq və sivil vətəndaşların qətlinə son qoyulacaq. 

 

Geosiyasi proseslər bizi öz dövlətimizin ətrafında daha da sıx birləşməyimizi tələb edir. Son anti-terror əməliyyatları bir daha dövlətimizin milli maraqlarımızı yüksək səviyyədə müdafiə etmək və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək iradəsini nümayiş etdirdi. 

 

Mürəkkəb beynəlxalq və regional kontekstdə böyük maneələrə baxmayaraq 200 il davam edən böyük bir problemin həlli, milli qürurun və milli maraqlarımızın ən yüksək səviyyədə müdafiəsi hər birimizi sevindirir. Necə deyərlər, qalibləri mühakimə etmirlər. 


Sıravi vətəndaş olaraq biz də gündəlik işimizin ümumi rifaha xidmət etməsini nəzərə alaraq təhsil, səhiyyə, iqtisadiyyat, müdafiə və digər sahələrdə aparılan islahatların uğurla davam etdirilməsinə öz töhfəmizi verə bilərik. Yüksək inkişaf və rifah səviyyəsinə çatmış Azərbaycan quruculuğu istiqamətində görüləcək işlərimiz çox, vaxtımız isə azdır. Allah dövlətimizi və xalqımızı qorusun!