MƏKTƏBLƏR
05 Oktyabr 2023 / 15:08

İlk müəlimi ilə foto paylaşan Emin Əmrullayev hansı məktəbdə təhsil alıb? - FOTO

Xəbər verdiyimiz kimi, Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ilk müəllimini təbrik edib.

Edutime.az xəbər verir ki, foto sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Nazir ilk müəllimi haqda bu sözləri yazıb:

“Gülzar müəllim - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!

Müəllimlər Günündə bir daha sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllim! Bayramınız mübarək!”

Edutime.Az nazirin ilk təhsil aldığı məktəb haqqında məlumat əldə edib. 

Nazir Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə təhsil alıb.

Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü ildən fəaliyyət göstərir.

Məktəb birnövbəli sistemlə beş gün işləyir. Məktəbdə 1485 şagirdin təlim-tərbiyəsi ilə 137 müəllim məşğul olur. Müəllimlərdən 132 nəfəri ali təhsilli, 5 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbdə rus dilinin intensiv tədrisi layihəsi həyata keçirilir.

Məktəb 2010-2011-ci dərs ilində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Altı müəllim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevnin Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilib.

Məktəbimizdə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüş müəllimlər çalışır. Məktəb üzrə üç müəllim “Tərəqqi medalı” ilə təltif olunub. Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə 4 müəllimimiz “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

2014 – cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmış, 2016-cı ildə isə 320 şagird yerlik yeni tədris korpusu şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetleri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb kabineti və hərbi kabinet şagirdlərin istifadəsindədir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur.

Qeyd edək ki, Emin Əmrullayevin ilk müəllimi Gülzar müəllimə də uzun illər bu məktəbdə çalışıb.